Azərbaycanda velosiped idmanının tarixi

Printer-friendly version
Azərbaycanda velosipedin istifadənin tarixi 1930-cu ildən başlayır. Həmin ildə ilk dəfə olaraq Azərbaycanda velosipeddən nəqliyyat vasitəsi kimi istifadə olunmağa başlanılmışdır. Bu velosipedlər Azərbaycana Rusiyadan gətirilirdi. İlk vaxtlar velosiped məktəbli və tələbələr arasında daha populyar idi. Bu səbəbdən də velosipeddən məktəblərarası və universitet daxilində yarışlarda da istifadə olunurdu. Azərbaycanda daha iri miqyaslı velosiped yarışlarının keçirilməsi ötən əsrin 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövrlərdə artıq respublika daxilində velosipedçilər arasında spartakiadalar keçirilməyə başlanılmışdır. Spartakiadalar, Avropada olduğu kimi 4 ildən bir keçirilirdi. Azərbaycanlı velosipedçilər turnirlərdə Ukraynanın Xarkov zavodunun istehsalı olan velosipedlər istifadə edirdilər.

1972-ci il, Sumqayıt idmançıları


Səbzəli Hüseynov və Hüseyn Zərgərli Azərbaycanda velosiped idmanının ilk nümayəndələrindəndir. Onlar daha sonralar məşqçi kimi fəaliyyətlərini davam etdirmişlər. Yarışda iştirak edən velosipedlərin sürəti saatda 30-35 km idi. Azərbaycanda peşəkar velosipedçilərin yetişdirilməsi üçün yerli, eləcə də müxtəlif ölkələrdən məşqçilər cəlb olunmuşdu. Bunlardan Hüseyn Zərgərli, Səbzəli Müseyibov, Sergey Romanov və başqalarının adını çəkə bilərik. Hüseyn Zərgərli dünya yarışlarında iştirak etmiş və ümumittifaq dərəcəli hakimdir.
 
Ötən əsrin 40-cı illərinin sonlarından başlayaraq velosiped yarışlarında təkcə kişilər deyil, qadınlar da təmsil olunmağa başlamışdır. Əvvəlcə yerli spartakiadalarda qüvvəsini sınayan Azərbaycan velosipedçiləri, qalib gəldikdən sonra respublika spartakiadasına vəsiqə alırdılar. Bakının qadınlardan və kişilərdən ibarət yığma komandası yerli spartakiadalarda qalib gələrək, Ümumittifaq və Zaqafqaziya spartakiadasında iştirak edirdilər.
 
1950-ci illərdən başlayaraq Azərbaycanın velosiped idmanında əsaslı irəliləyişlər əldə olunmağa başlanılmışdır. Artıq Azərbaycan idmançıları SSRİ çempionatında və dünya birinciliyində qüvvələrini sınayırdılar. Həmin illərdə Alxas Talıbov, Ələddin Şabanov, Vladimir Davidov, Ramiz Rəhimov, Viktor Semergey, Aleksandr Averin və başqaları çempionatlarda uğurla iştirak edirdilər. Bu da danılmaz faktdır ki, Alxas Talıbov və Ələddin Şabanov Avropada keçirilən turnirlərdə göstərdikləri uğurlara görə medal, diplom və təşəkkürnamələrlə təltif olunmuşlar. Ələddin Şabanov 50-dən artıq ölkədə keçirilən velosiped yarışlarında dünya, Avropa çempionatlarında, super velomaratonlarda Azərbaycanı yüksək səviyyədə təmsil etmişdir. Bütün bu uğurların nəticəsi idi ki, Azərbaycan velosipedçiləri artıq Olimpiya Oyunları üzrə beynəlxalq konfranslarda iştirak edirdilər.
 
1980-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verilmişdir. Uzunluğu 333 metr olan bu velotrekində bir sıra ümumittifaq yarışları keçirilmişdir. Azərbaycan velosipedçilərindən ibarət nümayəndə heyəti 1985-ci ildə Moskvada keçirilmiş konfransa qatılmışdı. Ölkə velosipedçiləri təmsil olunduqları konfransda müxtəlif diplomlarla təltif olunmuşlar. 90-cı illərdən başlayaraq, Azərbaycanda velosiped idman növü üzrə sistemli turnirlər keçirilməyə başlanılmışdır. Ölkə velosipedçiləri ardıcıl olaraq Bakı və Azərbaycan çempionatında iştirak etmişlər. Bu dövrlərdə keçirilən yarışlarda velosipedin sürəti artaraq saatda 40 kilometrə çatmışdır.
 
1991-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 850 illiynə həsr olunmuş təntənəli tədbirlər çərçivəsində Sankt-Peterburq-Gəncə arasında 4 min km məsafədə velosiped yürüşü təşkil olunmuşdur. 26 şəhərin təmsil olunduğu bu yürüşdə ölkə velosipedçiləri uğurla iştirak etmişlər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin bütün sahələrində olduğu kimi, idman siyasətində də böyük canlanma özünü göstərməkdədir.
 
1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradılmışdır. 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmışdır. Son 10 ildə Azərbaycan idmanının tarixinə şanlı səhifələr yazılmışdır.
 
1997-ci ildən cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra Azərbaycanda Olimpiya hərəkatı sürətlə inkişaf etməyə başlamışdır. 1997-ci ildən Milli Olimpiya Komitəsinə uğurla başçılıq edən İlham Əliyevin səyi və təşəbbüsü sayəsində qısa müddətdə Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri uğurla inkişaf etmişdir. Ölkədə müasir idman komplekslərinin tikintisi başa çatdırılaraq idmançıların istifadəsinə verilmiş, peşəkar idman federasiyaları, o cümlədən Azərbaycan Velosiped İdmanı Federasiyası yaradılmışdır.
 

1970-ci illər, 9 may, Bakı şəhərində keçirilmiş kriterium yarışı

Azərbaycanda velosiped idman növünün yüksək səviyyədə inkişaf etdirilməsi üçün ölkəmizə İtaliya və Fransa istehsalı olan velosipedlər gətirilmişdir. Nəticədə də Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) veloparkı tədricən yeniləşdirilmişdir. Bütün bunlar sayəsində Azərbaycanda daha yüksək səviyyəli velosiped yarışlarının keçirilməsinə başlanılmışdır. 2009-cu ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) AzVİF ilə birgə velosiped idman növünün çoxnövçülük şose ötüşmələri üzrə Bakı şəhər çempionatı keçirmişdir. Ötən il Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Böyük Qafqaz” veloyürüşü təşkil edilmişdir. Veloturnirlərin keçirilməsi hər bir ölkədə idmanın inkişafının göstəricisidir. Bu baxımdan, ölkəmizdə velosiped yarışlarının keçirilməsi də Azərbaycan idmanının inkişafının bariz nümunəsi kimi qiymətləndirilməlidir.
 
2011-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası yenidən təşkil olunmuş, Fazil Əsəd oğlu Məmmədov Federasiyanın prezidenti seçilmişdir.
 
Azərbaycanda velosiped idmanına marağın böyük olmasının nümunələrindən biri də Bakı Dövlət Universitetində yerləşən beynəlxalq miqyaslı Velosiped idmanı muzeyidir. Muzey 40 ilə yaxındır ki, fəaliyyət göstərir. Yarım əsr müddətində muzey velosipedin tarixinə aid materiallar, bu idman növünə aid əldə olunan nəticələr və velosipedlə bağlı müxtəlif hadisələrlə zənginləşmişdir. Velosiped muzeyinin yaradıcısı velosiped idman növü üzrə Azərbaycanı dünya çempionatlarında təmsil etmiş Ələddin Şabanovdur. Muzeyin səyyar sərgiləri bu günədək bir çox beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında nümayiş etdirilmişdir. Muzeyin səyyar sərgisi respublikamızın Olimpiya Komitəsində dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə də nümayiş olunmuşdur. Muzeyin zəngin ekspozisiyalarında əsas yerlərdən birini dünyanın ən böyük yarışlarını əks etdirən eksponatlar tutur.