Konstitusiya Günü münasibətilə Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib

Printer-friendly version

12 noyabr – Konstitusiya Günü münasibətilə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Respublika Velotrekində təşkil olunan və maraqlı anlarla yadda qalan yarışda liseyin 5-6 və 7-8-ci sinif şagirdləri komanda şəklində iştirak ediblər. Əməkdar məşqçi Əbülfəz Məmmədovun baş hakimlik etdiyi yarışda Azərbaycanın ilk milli velosiped brendi "İSMA" velosipedlərindən istifadə olunub.


Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və liseyin müdiri Hüseyn Dəmirəl yarışın qaliblərini diplomlar və medallarla mükafatlandırıblar.


Mükafatlandırma mərasimində çıxış edən Hüseyn Dəmirəl yarışın gözəl bir tarixə təsadüf etdiyini deyib: "Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 22 il ötür. Biz də bu tarixi gün münasibətilə şagirdlərimiz arasında velosiped yarışı keçirməyə qərar verdik. Mən bu yarışın keçirilməsində bizə yaradılan gözəl şəraitə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, liseyimizlə Federasiya arasındakı əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək".


Öz növbəsində Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edən Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev ölkəmizdə idmanın inkişafı üçün atılan addımların öz bəhrəsini verdiyini bildirib: "Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın bütün növləri kimi, velosiped idmanı da inkişaf dövrünü yaşayır. Biz də dövlət başçısının bu diqqət və qayğısından güc alaraq, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Bu gün maraqlı bir idman yarışının şahidi olduq və inanıram ki, yarışda iştirak edən lisey şagirdləri arasından gələcəyin məşhur idmançıları da yetişəcək. Eyni zamanda, Azərbaycan Velosiped İdmanı Federasiyası olaraq liseylə əməkdaşlığı davam etdirməyə hazırıq".


Qeyd edək ki, yarışdan sonra liseyin rəhbərliyi, valideynlər və şagirdlər Respublika Velotrekində yaradılan Velosiped muzeyində və "İsma Bikes" Sərgi-Satış Mərkəzində olublar. Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilati işlər üzrə meneceri Faiq Qurbanov həm muzeydə sərgilənən, həm də satış mərkəzində olan velosipedlər haqqında ətraflı məlumat verib.


 
 Oxunub (84)