"Isma Bikes"ın ilk sərgi-satış mərkəzi istifadəyə verilib

Printer-friendly version

Azərbaycanın ilk milli velosiped brendi “İSMA BİKES”ın “Qoşa Çarx” adlı ilk sərgi-satış mərkəzi istifadəyə verilib. Metronun 20 Yanvar stansiyası yaxınlığında, Respublika Velotreki ərazisində yerləşən Mərkəzin açılması velosiped həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.

 

Xatırladaq ki, ötən il dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi həyata keçirilən İsmayıllı Velosiped Zavodunda “Made in Azerbaijan” brendi adı altında həvəskar və peşəkar idmançılar, həmçinin uşaqlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir. İllik istehsal gücü layihə üzrə 30 000 ədəd velosiped olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal etməyə başlamış və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılmışdır. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, son 3 ayda zavodda 5000-ə yaxın velosiped istehsal edilib.

 

İsmayıllı Velosiped Zavodu Azərbaycanın ən iri özəl investisiya şirkətlərindən biri olan "Synergy Group"un tərkibində fəaliyyət göstərir. Sərgi-satış mərkəzinin açılışında çıxış edən zavodun direktoru Elçin Qəhrəmanov bildirdi ki, burada alıcılara təkcə velosiped deyil, həmçinin müxtəlif aksesuarlar, ehtiyat hissələri və servis xidmətləri də təklif olunur. Satılan bütün məhsullara 1 illik zəmanət verilir.

 

“İsma Bikes” sərgi-satış mərkəzinin açılışında yerli radiostansiyalardan birində həyata keçirilən velomüsabiqənin qalibi olmuş Faiq İsgəndərova “Synergy Group” Məhdud Məsuliyyətli Cəmiyyətin icraçı direktoru İsmayıl Süleymanov tərəfindən İsmayıllı Velosiped Zavodunun istehsalı olan “İSMA SYNERGY” velosipedi təqdim edildi.

 

Sərgi-satış mərkəzinin açılışında qeyd olundu ki, gələcəkdə bu cür mərkəzlərin ölkəmizin digər bölgələrində də açılması planlaşdırılır. Əgər keyfiyyətli velosiped, ehtiyat hissələri və aksesuarlar əldə etmək istəyirsinizsə, o zaman yolunuzu “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən Velotrekdəki “İSMA BİKES” məhsullarının sərgi-satış mərkəzindən salın.


 
 Oxunub (62)