“Olympic Moves” layihəsinin bağlanış mərasimi keçirilib

Printer-friendly version

Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən məktəblilərin ən böyük idman yarışı “Olympic Moves” layihəsi çərçivəsində respublika birinciliyinin final mərhələsinin bağlanış mərasimi keçirilib.


Voleybol 2x2, basketbol 3x3, badminton, atletika və velosiped idmanı üzrə yarışlardan ibarət olan layihə Bakı, Gəncə, Sumqayıt şəhərləri və Göygöl rayonunu əhatə edib.


Yarışlarda hər rayondan müvafiq idman növləri üzrə birinci yeri tutan komandalar mübarizə aparıb. Belə ki, paytaxtdan 60, bölgələrdən isə ümumilikdə 20 komanda final mərhələsində çıxış edib. Yanvar ayının 5-dən start götürən layihəyə paytaxt üzrə 294 məktəbdən 63504 şagird, bölgələrdən isə 112 məktəbdən 24192 şagird qoşulub. Velosiped idman növü üzrə final yarışları iyunun 4-də Respublika Velotrekində keçirilib.

 

Bağlanış mərasiminin rəsmi hissəsini açılış nitqi ilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açıb və məktəbliləri uğurlu nəticələr münasibətilə təbrik edib: “Proqramda 100 minə yaxın məktəblinin iştirakı çox müsbət haldır. Azərbaycan idman ölkəsidir və azyaşlılarımız bu ənənəni yaşadır. “Olympic Moves” onların peşəkar arenada özlərini sınamaqları üçün yaxşı platformadır. Bakı ilə yanaşı, regionlarımızın da yarışlara qoşulması məni sevindirir. Yarışların gələn mövsüm daha geniş ərazini əhatə edəcəyinə inanıram. Təşkilat komitəsinə belə möhtəşəm işi ərsəyə gətirdiklərinə görə dərin minnətdarlığımı bildirirəm”.


Daha sonra Gənclər və İdman naziri Azad Rəhimov da proqram barədə təəssüratlarını qalib komandalar və azarkeşlərlə bölüşüb: “Proqram elə böyük rezonans doğurub ki, Azərbaycanın digər bölgələri və digər idman federasiyaları da layihəyə qoşulmaq niyyətindədirlər. Şagirdləri, yeniyetmələri belə yarışlarda görmək hər birimizi qürurlandırır. Qalib gələn komandaların hər birini ayrılıqda təbrik edirəm. Bu il mübarizəyə qoşulan digər komandaları da ruhdan düşməməyə, daim aktiv olmağa çağırıram. Hər birinizə gələcək idman fəaliyyətinizdə və həyatınızda uğurlar arzulayıram”.


Təhsil nazirinin müavini Firudin Qurbanov isə belə irimiqyaslı idman layihəsinin şagirdləri motivasiya etdiyini və sağlam həyat tərzini seçməyin məktəblilərdə təhsilə də marağın artmasına səbəb olduğunu bildirib: “Çox gözəl haldır ki, bu layihəyə paytaxtla yanaşı, ucqar kəndlərimizin şagirdləri də qoşula biliblər. “Olympic Moves”da şagirdlər idman növlərinin peşəkar qaydaları il yanaşı, dostluq, birlik, əzmkarlıq öyrəndilər. Belə miqyaslı layihənin uğurlu icrası bizə deməyə əsas verir ki, təşkilatçı tərəflər daha geniş ərzini əhatə edən yarışlara start verə bilərlər. Bu daha çox istedadın üzə çıxmasına kömək edəcək. Qalibləri bir daha təbrik edirəm”.


Daha sonra qalib komandaların mükafatlandırma mərasimi keçirilib. Qeyd edək ki, velosiped idman növü üzrə yarışlarda Suraxanı rayonu 114 saylı məktəbin komandası 1-ci, Xətai rayonu 29 saylı məktəbin komandası 2-ci, Sumqayıt şəhəri 4 saylı məktəbin komandası isə 3-cü yeri tutub. Qalibləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov, Olimpiya çempionu Namiq Abdullayev və Milli Məclisin deputatı Hadı Rəcəbli təltif edib. Onlara kubok, diplom və medallarla yanaşı, həvəsləndirici hədiyyələr də təqdim olunub.


Qeyd edək ki, “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərə sağlam və aktiv həyat tərzinin təşviqində əhəmiyyətli rol oynayır.


“Coca-Cola” şirkəti haqqında:


“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “Vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUSE TEA” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir.


 
 Oxunub (257)