Avtomobil sürücüləri, velosipedçilərə qarşı diqqətli olun!

Printer-friendly version

Avqust ayıının 8-i, axşam saatlarında Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan yığma komandasının keçmiş üzvü, 1992-ci il təvəllüdlü Akif Abdullayevi velosipedlə hərəkət edərkən avtomobil vurub və nəticədə o hadisə yerindəcə dünyasını dəyişib. Baş vermiş faciəvi hadisə ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyası mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyir. Allah rəhmət eləsin!

 

Xatırldırıq ki, yollarda velosipedçilərin hərəkəti “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tənzimlənir. Qanunda yolda hərəkət edən avtomobillərin və velosipedçilərin vəzifələrinin (Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri / Maddə 38. Velosipedçinin vəzifələri) açıq şəkildə göstərilməsinə baxmayaraq əksər hallarda avtomobil sürücülərinin ehtiyatsız davranışı bu cür faciəvi hadisələrə gətirib çıxarır.

 

Bununla əlaqədar olaraq Azərbaycan Velosiped İdmanı Federasiyası mexaniki nəqliyyat vasitəsi sürücülərindən “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”ndan irəli gələn tələblərə riayət etməyi, onlara nəqliyyatın tərkib hissəsi olan velosipedçilərə qarşı daha diqqətli olmağı xahiş edir.

 

“Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”

 

Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri

 

11) yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının - uşaqların, əlillərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal - ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur;

 

Maddə 38. Velosipedçinin vəzifələri

 

Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli və bunun üçün:

1) texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən istifadə etməlidir;

2) velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır.

 

Maddə 42. Hərəkətə başlama, manevr etmə

 

IV. Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir.


 
 Oxunub (745)